Elnur Xəlilov: “Rusiyanın bu müharibədə ağır məğlubiyyəti labüddür!!!”

Putin müharibə taktikasında gah nala vurur, gah mıxa. Müharibəyə hitlersayağı başlayıb, stalinsayağı davam etmək istəyir. Amma nə edir etsin məğlubiyyəti qaçılmazdır…

Müharibənin ilk günlərindən Rus ordusunda ruh düşgünlüyü, əsgər və zabit heyətinin tərkibində mənəvi-psixoloji sarsıntılar açıq şəkildə təzahür edir. Bu səbəbdən piyada döyüşlərində heç bir uğur qazana bilməyən rusların böyük sayda itki verdiklərinin və ya əsir düşdüklərinin şahidi oluruq. Əsirlərin əksəriyyəti müqavimət göstərmədən, məhz könüllü şəkildə təslim olanlardır.

Son rəsmi məlumatlara görə, Ukraynada hazırda 562 hərbi əsir var. Döyüşmək istəməyən rus hərbiçiləri Ukrayna tərəfi ilə əlaqəyə girir, öz istəkləri ilə təslim olaraq mənasız yerə ölməkdən yayınırlar. Artıq ordu sıralarında fərarilik kütləvi hal alıb.

Onsuz da bataqlıqda boğulmaq üzrə olan Putin üçün ordudakı belə əhval-ruhiyyə əlavə problem yaradıb və bu problem getdikcə irimiqyaslı fəlakətə çevrilməkdədir.

Etibarlı mərkəzlərin ötürdükləri informasiyaya görə Putin ordudakı bu başıpozuqluğun qarşısını almaq üçün növbəti zorakı metoda – ikinci dünya müharibəsində Stalinin əlahiddə yaratdığı “edam qrupları” şəklində silahlı qüvvələr təsis edərək oxşar taktiki gedişlə biabırçı vəziyyətdən qurtulmağa çalışır.
İngiltərənin “Daily Mail” nəşri israrla bildirir ki, “Putin ordudakı neqativ halların qarşısını almaq məqsədilə Ukraynaya cəza qrupları göndərib”.
“Çeçen döyüşçülərə də rusların fərariliklərinin qarşısını almaq tapşırığı verilib” deyə nəşrdə qeyd olunur.

Qeyd: İkinci Dünya Müharibəsində Stalinin “Geriyə dönüş yoxdur!” adlı müvafiq sərəncamı ilə(227 saylı)bütün cəbhələrdə “edam qrupları” yaradılmışdır.
170 min nəfərdən ibarət olan bu qruplar tərəfindən 1942-1945-ci illər ərzində 422 mindən artıq hərbçi edam edilib.

P.S. Ruhu olmayan ordunun qələbəsi haqqında fikir yürütmək ağıldan kəm insanların düşüncə tərzinə uyğundur. Orduda döyüş ruhu, qələbə əzmi yoxdursa onun zorakı üsullarla aşılanması və zəfər əldə edilməsi qeyri-mümkündür. Əksinə zorakılıq fərariliyə daha geniş imkanlar açan metoddur.
Putinin və onun təmsil etdiyi Rusiyanın bu müharibədə ağır məğlubiyyəti labüddür!!!

Elnur Xəlilov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir